Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı (30.06.2024)
Ölkənin sürətli inkişaf üçün zəruri olan müasir bacarıqlara malik insan kapitalının yaradılması, bu çərçivədə istedadlı gənclərin xarici ölkələrdə təhsil almasına dövlət dəstəyinin davam etdirilməsi məqsədilə “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 30.09.2021-ci il tarixli 2931 nömrəli Sərəncamı (Sərəncam) ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı”nın layihəsinin hazırlanması Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır.
Sərəncamın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 28.02.2022-ci il tarixli 3163 nömrəli Sərəncamı ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” (Dövlət Proqramı) təsdiq edilmişdir.
Dövlət Proqramına əsasən
Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının müvafiq bəndlərinə uyğun olaraq Nazirlik tərəfindən proqramın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı hazırlanmış, Nazirlər Kabinetinin müvafiq qərarları ilə xarici ali təhsil müəssisələrində təhsilin maliyyələşdirməsi və xaricdə təhsil alacaq gənclərin seçim qaydaları təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.06.2022-ci il tarixli 217 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alacaq gənclərin seçilməsi meyarları və prosedurları üzrə Qayda” təsdiq edilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.06.2022-ci il tarixli 218 nömrəli Qərarı ilə Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsilinin maliyyələşdirilməsi Qaydası təsdiq edilmişdir.
Hər növbəti tədris ili üçün ildə bir dəfə proqramın prioritet ixtisas sahələri və nüfuzlu xarici ali təhsil müəssisələri üzrə təhsil proqramlarının siyahısı Elm və Təhsil Nazirinin əmri ilə təsdiq edildikdən sonra ictimaiyyətə təqdim edilir.
Bu normativ sənədlərə əsasən, xaricdə təhsil almaq hüququ qazanmış namizədlərin Dövlət Proqramına qəbulu Elm və Təhsil Nazirinin əmri ilə təsdiq edilir və nəticədə Nazirlik ilə tələbə arasında təhsilinin maliyyələşdirilməsinə dair müvafiq müqavilə bağlanılır.
Dövlət Proqramı çərçivəsində 30.06.2024-cü il tarixinə AR Təhsil Nazirliyinin sifarişləri əsasında Dövlət Xəzinədarlıq Agentliyinin 1 saylı Xəzinədarlıq İdarəsindəki müvafiq hesablara ARDNF tərəfindən ümümilikdə 56,621.8 min manat, o cümlədən 2024-cü ilin 2 rübü üzrə 7,042.2 min manat vəsait ayrılmışdır.
ARDNF-in 2024-cü il üzrə təsdiq edilmiş büdcəsində Dövlət Proqramı üzrə 47,459.0 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. 2024-cü ilin 2 rübü üzrə layihə 14.8% icra edilmişdir.